YouVersion Logo
Search Icon

YARADILIŞ 47

47
1Yusif fironun yanına daxil olub dedi: «Kənan torpağından atam və qardaşlarım qoyun-keçiləri, mal-qaraları və özlərinə məxsus hər şeyləri ilə birgə buraya gəliblər və indi Qoşen vilayətindədirlər». 2Sonra qardaşları arasından beşini götürüb fironun hüzuruna gətirdi. 3Firon Yusifin qardaşlarına dedi: «Nə işin sahibisiniz?» Onlar firona dedilər: «Biz qulların, atalarımız kimi çobanıq. 4Bu ölkəyə müvəqqəti yaşamaq üçün gəlmişik, çünki Kənan torpağında dəhşətli aclıq hökm sürür. Sürülərimiz üçün otlaq yox idi. İndi xahiş edirik ki, Qoşen vilayətində yaşamağa izin verəsiniz». 5Firon Yusifə dedi: «Atanla qardaşların yanına gəliblər. 6Misir torpağı sənin önündədir: atanla qardaşlarını bu torpağın ən yaxşı yerlərində yerləşdir. Qoy Qoşen vilayətində yaşasınlar. Aralarında hansı bacarıqlıdırsa, onu mənim sürülərimə çoban qoy».
7Yusif atası Yaqubu götürüb fironun hüzuruna gətirdi. Yaqub firona xeyir-dua verdi. 8Firon Yaqubdan soruşdu: «Neçə yaşın var?» 9Yaqub firona cavab verdi: «Ömrümün yüz otuz ilini qürbətdə keçirdim, amma ömrüm az və ağır oldu, atalarımın qürbətdəki ömrü qədər uzun olmadı». 10Sonra firona xeyir-dua verib onun hüzurundan çıxdı.
11Yusif atası ilə qardaşlarını Misirdə yerləşdirdi və fironun əmrinə əsasən onlara ölkənin ən yaxşı yerində – Ramses bölgəsində mülk verdi. 12Bundan əlavə, Yusif atasına, qardaşlarına və atasının ailəsinə malik olduqları uşaqların sayına görə çörək saxladı.
Aclıq güclənir
13Aclıq getdikcə o qədər gücləndi ki, heç bir ölkədə çörək tapılmadı. Misir və Kənan ölkələrinin əhalisini aclıq taqətdən salmışdı. 14Yusif satdığı taxılın əvəzində Misir və Kənan ölkələrində yığılan bütün pulları toplayıb fironun sarayına apardı. 15Misir və Kənan ölkələrində pul qurtaranda bütün Misirlilər Yusifin yanına gəlib dedilər: «Bizə çörək ver. Gərək qarşında ölək? Axı pulumuz qurtarıb». 16Yusif dedi: «Onda heyvanlarınızı verin. Əgər pulunuz qurtarıbsa, heyvanlarınızı verin, onların əvəzinə sizə çörək verərəm». 17Onlar heyvanlarını Yusif üçün gətirdilər. Yusif də atların, qoyun-keçi və mal-qara sürülərinin, eşşəklərin əvəzinə onlara çörək verdi. Həmin il onları heyvanları əvəzinə verdiyi çörəklə saxladı.
18İl başa çatanda ikinci il yenə onun yanına gəlib dedilər: «Ağamızdan gizli deyil ki, pulumuz qurtarıb, heyvan sürülərimiz də ağamızındır. Ağamızın hüzurunda canımız və torpaqlarımızdan başqa bir şeyimiz qalmadı. 19Nə üçün gözünün önündə torpağımızla bərabər məhv olaq? Bizi və torpaqlarımızı çörək əvəzinə satın al. Qoy firon bizim də, torpaqlarımızın da sahibi olsun. Toxum ver ki, ölməyib yaşaya bilək, həm də torpağımız səhraya çevrilməsin».
20Beləliklə, Yusif Misirin bütün torpaqlarını firon üçün satın aldı. Bütün Misirlilər öz zəmilərini satdılar, çünki aclıqdan əzab çəkirdilər. Bütün torpaqlar fironun oldu. 21Yusif Misir ərazisinin bir ucundan o biri ucuna qədər bütün əhalisini şəhərlərə köçürdü. 22Yalnız kahinlərin torpağını satın almadı, çünki onlar firondan məvacib alır və fironun verdiyi məvaciblə dolanırdılar. Buna görə də torpaqlarını satmadılar.
23Yusif xalqa dedi: «Sizi də, torpaqlarınızı da firon üçün satın almışam. Alın, bu sizin toxumunuz, torpağı əkin. 24Məhsul yığılanda onun beşdə birini firona verin. Beşdə dördünü isə toxumluq olaraq istifadə edin. Həm özünüz, həm külfətiniz, həm də övladlarınız yesin».
25Xalq isə dedi: «Sən bizim canımızı qurtardın. Qoy ağamızın gözündə lütf tapaq, biz fironun köləsi oluruq». 26Yusif məhsulun beşdə birinin firona verilməsi barədə Misirdə bir torpaq qanunu qoydu. Bu qanun bu günə qədər qüvvədədir. Yalnız kahinlərin torpaqları firona verilmədi.
İsrailin son sözü
27İsrailin nəsli Misirdəki Qoşen vilayətində yaşayaraq orada mülk sahibi oldu. Onlar artaraq çoxaldılar. 28Yaqub Misir torpağında on yeddi il yaşadı. O, yüz qırx yeddi il ömür sürdü. 29#Yar. 49:29-32; 50:6 İsrailin öləcəyi gün yaxınlaşanda oğlu Yusifi çağırıb dedi: «Əgər gözündə lütf tapmışamsa, əlini budumun altına qoy və and iç ki, xeyirxahlıq və sədaqət göstərib məni Misirdə basdırmayacaqsan, 30ancaq atalarımla birgə uyumaq üçün öləndə məni Misirdən aparıb onların məqbərəsində basdıracaqsan». Yusif dedi: «Dediyin kimi edərəm». 31#İbr. 11:21 Atası dedi: «Mənə and iç». O da and içdi. İsrail yatağının başına#47:31 Yatağının başına – yaxud dəyənəyinin başına. söykənib Allaha səcdə etdi.

Currently Selected:

YARADILIŞ 47: AZJ08

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy