YouVersion Logo
Search Icon

YARADILIŞ 46

46
Yaqubun Misirə getməsi
1İsrail özünə məxsus hər şeyi ilə birgə yola çıxdı. Beer-Şevaya gəlib atası İshaqın Allahına qurbanlar kəsdi. 2Gecə görüntülərində Allah İsraili çağırdı: «Yaqub! Yaqub!» Yaqub cavab verdi: «Mən buradayam». 3Allah dedi: «Mən Allaham, atanın Allahıyam. Misirə getməkdən qorxma, çünki orada səndən böyük bir millət törədəcəyəm. 4Mən də səninlə birgə Misirə gedəcəyəm. Səni yenə oradan çıxaracağam. Yusif öz əli ilə sənin gözlərini bağlayacaq».
5Yaqub Beer-Şevadan çıxdı. İsrailin oğulları ataları Yaqubu və arvad-uşaqlarını fironun Yaqubu aparmaq üçün göndərdiyi arabalara mindirdilər. 6#Həv. 7:15 Yaqub və onun bütün övladları heyvanlarını və Kənan torpağında əldə etdikləri hər şeyi götürüb Misirə gəldilər. 7O özü ilə birgə oğullarını və qızlarını, oğul nəvələrini və qız nəvələrini – bütün övladlarını Misirə gətirdi.
8İsrailin Misirə gələn oğullarının – Yaqubla oğullarının adları belədir:
Yaqubun ilk oğlu Ruven. 9Ruvenin oğulları: Xanok, Pallu, Xesron və Karmi. 10Şimeonun oğulları: Yemuel, Yamin, Oxad, Yakin, Sohar və bir Kənanlı qadından doğulan Şaul. 11Levinin oğulları: Gerşon, Qohat və Merari. 12Yəhudanın oğulları: Er, Onan, Şela, Peres və Zerah. Ancaq Er və Onan Kənan ölkəsində öldülər. Peresin oğulları: Xesron və Xamul. 13İssakarın oğulları: Tola, Puvva, Yov və Şimron. 14Zevulunun oğulları: Sered, Elon və Yaxleel. 15Bunlar Yaqubun Leadan doğulan övladlarıdır. Lea onları və qızı Dinanı Paddan-Aramda doğdu. Yaqubun oğul və qız övladları cəmi otuz üç nəfər idi.
16Qadın oğulları: Sifyon, Haqqi, Şuni, Esbon, Eri, Arodi və Areli. 17Aşerin oğulları: İmna, İşva, İşvi, Beria və onların bacısı Serah. Berianın oğulları: Xever və Malkiel. 18Bunlar Lavanın qızı Leaya verdiyi Zilpadan doğulan Yaqub övladlarıdır. Onlar on altı nəfər idi.
19Yaqubun arvadı Rəhilənin oğulları: Yusif və Binyamin. 20#Yar. 41:50-52 Yusifin Misirdə On şəhərinin kahini Poti-Feranın qızı Asnatdan Menaşşe və Efrayim adlı iki oğlu oldu. 21Binyaminin oğulları: Bela, Beker, Aşbel, Gera, Naaman, Exi, Roş, Muppim, Xuppim və Ard. 22Bunlar Yaqubun Rəhilədən doğulan övladlarıdır. Onlar on dörd nəfər idi.
23Danın oğlu Xuşim. 24Naftalinin oğulları: Yaxseel, Quni, Yeser, Şillem. 25Bunlar Lavanın qızı Rəhiləyə verdiyi Bilhadan doğulan Yaqub övladlarıdır. Onlar cəmi yeddi nəfər idi.
26Yaqubun oğullarının arvadlarından başqa, Yaqubun nəslindən olan və onunla Misirə gələn övladları altmış altı nəfər idi. 27#Həv. 7:14 Yusifin Misirdə doğulan iki oğlu ilə birlikdə Misirə köçən Yaqubun ailəsində yetmiş nəfər var idi.
Yaqub oğullarının Qoşendə sakin olması
28Yaqub Qoşen yoluna bələdçilik etmək üçün özündən əvvəl Yəhudanı Yusifin yanına göndərdi. Onlar Qoşen torpağına girəndə 29Yusif arabasını hazırlayıb Qoşenə atası İsraili qarşılamağa getdi. Özünü atasına tanıtdırıb onun boynuna sarıldı və uzun müddət onu qucaqlayıb ağladı. 30İsrail Yusifə dedi: «İndi ölə bilərəm, çünki üzünü gördüm. Sən sağ-salamatsanmış». 31Yusif qardaşlarına və atasının ailəsinə dedi: «Qoy gedim firona xəbər verim ki, Kənan torpağında yaşayan qardaşlarımla atamın ailəsi yanıma gəliblər. 32Onlar sürü sahibi olan çobanlardır. Ona görə də qoyun-keçiləri, mal-qaraları və bütün şeyləri ilə birlikdə gəliblər. 33Firon sizi çağırıb “Nə işin sahibisiniz?” deyə soruşsa, 34deyin: “Atalarımız kimi biz də uşaqlıqdan bəri heyvandarlıqla məşğuluq”. Belə deyin ki, qoy sizi Qoşen vilayətində yerləşdirsin, çünki Misirlilər çobanlardan iyrənirlər».

Currently Selected:

YARADILIŞ 46: AZJ08

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy