YouVersion Logo
Search Icon

YARADILIŞ 45

45
Yusifin özünü tanıtması
1 # Həv. 7:13 Yusif yanında duranların hamısının önündə özünü saxlaya bilməyib qışqırdı: «Hamını yanımdan çıxarın». Yusif özünü qardaşlarına tanıtdığı zaman yanında heç kəs yox idi. 2O hönkürüb ağladı. Misirlilər və fironun saray adamları eşitdilər.
3Yusif qardaşlarına dedi: «Mən Yusifəm. Atam hələ sağdırmı?» Qardaşları ona cavab vermədilər, çünki çaşıb qalmışdılar. 4Yusif qardaşlarına dedi: «Mənə yaxın gəlin». Onlar yaxın gəldilər. Yusif dedi: «Misirə satdığınız qardaşınız Yusif mənəm. 5İndi məni buraya satdığınız üçün kədərlənməyin və təəssüflənməyin, çünki Allah həyatınızı qorumaq üçün məni sizdən qabaq buraya göndərdi. 6Artıq iki ildir ki, ölkədə aclıqdır, hələ beş il də əkin-biçin olmayacaq. 7Allah məni sizdən qabaq buraya göndərdi ki, sizi yer üzündə saxlasın və böyük bir qurtuluşla həyatınızı qorusun. 8Ona görə də məni buraya göndərən siz deyilsiniz, Allahdır. O məni firona ata, onun bütün saray adamlarına ağa, bütün Misir ölkəsinə isə başçı etdi. 9#Həv. 7:14 Tez atamın yanına gedib ona söyləyin ki, oğlun Yusif belə deyir: “Allah məni bütün Misir ölkəsinə ağa etdi. Daha durma, yanıma gəl. 10Qoşen vilayətində yaşayarsan. Özün, oğulların, nəvələrin, qoyun-keçin, mal-qaran – sənin hər şeyin mənə yaxın olar. 11Orada sənin qayğına qalaram, çünki daha beş il aclıq olacaq. Yoxsa özün, ailən və bütün yaxın adamların yoxsulluq çəkəcək”. 12İndi sizin və qardaşım Binyaminin gözləri görür ki, bu sözləri dilimlə sizə deyirəm. 13Misirdə sahib olduğum böyük izzəti və bütün gördüklərinizi atama bildirin və tezliklə atamı buraya gətirin». 14Yusif qardaşı Binyaminin boynuna sarılıb ağladı, Binyamin də onun boynuna sarılıb ağladı. 15Yusif bütün qardaşlarını öpdü və onların boynuna sarılıb ağladı. Bundan sonra qardaşları onunla söhbət etdilər.
16Yusifin qardaşlarının gəlməsi barədə fironun sarayına xəbər çatdı. Bu xəbər fironun və onun əyanlarının xoşuna gəldi. 17Firon Yusifə dedi: «Qardaşlarına söylə ki, belə etsinlər: heyvanlarınızı yükləyin və yola düşüb Kənan torpağına gedin. 18Atanızı və ev adamlarınızı götürüb yanıma gəlin. Sizə Misir ölkəsində ən yaxşı torpağı verəcəyəm, torpağın şirəsini yeyəcəksiniz. 19Sənə isə əmr olunur ki, onlara söyləyəsən: “Belə edin: arvad-uşağınız üçün Misir ölkəsində özünüzə arabalar alın və atanızı gətirib gəlin”. 20Orada qalan şeylərinizdə gözünüz qalmasın, çünki bütün Misir torpağının ən yaxşı şeyləri sizindir».
21İsrailin oğulları belə də etdilər. Yusif fironun əmri ilə onlara arabalar və yol üçün azuqə verdi. 22Onların hər birinə bir dəst paltar verdi, Binyaminə isə üç yüz parça gümüş və beş dəst paltar verdi. 23Yusif atası üçün Misirin ən yaxşı şeyləri ilə yüklənmiş on eşşək, yol üçün taxıl, çörək və azuqə yüklənmiş on dişi eşşək göndərdi. 24O, qardaşlarını yola saldı və onlar getdilər. Yusif onlara dedi: «Yolda dava etməyin». 25Onlar Misirdən çıxıb Kənan torpağına, ataları Yaqubun yanına gəldilər. 26Ona hər şeyi danışıb dedilər: «Yusif sağ-salamatdır, özü də bütün Misir ölkəsinə başçılıq edir». Yaqub heyrətlənib qaldı və onlara inanmadı. 27Qardaşlar Yusifin onlara dediyi bütün sözləri ona söylədilər. Onu aparmaq üçün Yusifin göndərdiyi arabaları görəndə ataları Yaqubun ürəyi ruhlandı. 28İsrail dedi: «İndi inandım ki, oğlum Yusif sağ-salamatdır. Qoy ölməmişdən qabaq gedib onu görüm».

Currently Selected:

YARADILIŞ 45: AZJ08

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy