YouVersion Logo
Search Icon

YARADILIŞ 44

44
Yusifin itmiş kasası
1Yusif öz ev nəzarətçisinə əmr edib dedi: «Bu adamların çuvallarını gücləri çatana qədər ərzaqla doldur və hər kəsin pulunu öz çuvalının ağzına qoy. 2Kiçiyinin çuvalının ağzına isə mənim gümüş kasamı və taxıl əvəzinə verilən pulu qoy». O, Yusifin dediyi sözə əməl etdi. 3Səhər açılanda bu adamları eşşəkləri ilə birgə yola saldılar. 4Onlar hələ şəhərdən uzaqlaşmamışdı ki, Yusif öz ev nəzarətçisinə dedi: «Qalx o adamların dalınca get və onlara çatdığın zaman belə söylə: “Nə üçün yaxşılığa pisliklə cavab verdiniz? 5Bu kasa ağamın içdiyi və onunla baxıcılıq etdiyi kasa deyilmi? Siz çox pis iş tutdunuz”».
6Ev nəzarətçisi onlara çatdı və bu sözləri söylədi. 7Qardaşlar ona dedilər: «Nə üçün ağam belə sözlər söyləyir? Bu iş qullarından uzaq olsun. 8Biz çuvalımızın içində tapdığımız pulu Kənan torpağından sənə geri qaytardıq. Ağanın evindən necə qızıl yaxud gümüş oğurlaya bilərik? 9Qoy bu şey qullarından kimdə tapılsa, o adam öldürülsün və biz də ağamıza qul olaq». 10O dedi: «Yaxşı, qoy siz deyən kimi olsun: bu kimin yanında tapılsa, o mənə qul olsun, qalanlarınız isə təqsirkar olmayacaqsınız». 11Onların hər biri tələsik çuvalını yerə endirdi və çuvalının ağzını açdı. 12Ev nəzarətçisi böyükdən başlayıb kiçiyə qədər onları axtardı və kasa Binyaminin çuvalından tapıldı. 13Qardaşlar paltarlarını cırdılar və hər biri eşşəyini yükləyib şəhərə qayıtdı.
14Yəhuda qardaşları ilə birgə Yusifin evinə gəldi. O hələ də orada idi. Onlar Yusifin önündə yerə qapandılar. 15Yusif onlara dedi: «Bu nə işdir, görmüsünüz? Güman etmədiniz ki, mənim kimi bir adam baxıcılıq edə bilər?» 16Yəhuda dedi: «Ağama nə deyim, nə söyləyim? Özümüzü necə təmizə çıxara bilərik? Allah öz qullarında təqsir gördü. İndi biz də, yanında kasa tapılan adam da ağamızın quluyuq». 17O dedi: «Yox, mən belə etməyəcəyəm. Yalnız yanında kasa tapılan adam mənə qul olacaq, siz isə sağ-salamat atanızın yanına gedin».
18Yəhuda ona yaxınlaşıb dedi: «Ey ağam, xahiş edirəm ki, qulunun dediyi sözlərə qulaq as və quluna qarşı qəzəbin alovlanmasın, çünki sən firon kimi bir adamsan. 19O zaman ağam qullarından “Sizin atanız yaxud qardaşınız varmı?” deyə soruşanda 20biz ağamıza söyləmişdik: “Bizim bir qoca atamız və onun da ixtiyar çağında doğulan bir kiçik uşağı var. Onun bir qardaşı öldü, anasından doğulan yalnız o qaldı. Atası onu çox sevir”. 21Sən qullarına demişdin: “Onu mənim yanıma gətirin ki, öz gözümlə görüm”. 22Biz də ağamıza demişdik: “Uşaq atasından ayrıla bilməz, çünki atasından ayrılsa, atası ölər”. 23Amma sən qullarına demişdin: “Əgər kiçik qardaşınız sizinlə gəlməsə, bir daha gözümə görünməyin”. 24Sənin qulun atamın yanına gəldiyimiz zaman ağamızın sözlərini ona çatdırdıq. 25Atamız dedi: “Yenə gedin, bizə bir az ərzaq alıb gətirin”. 26Biz dedik: “Gedə bilmərik. Kiçik qardaşımız bizimlə getsə, gedərik, kiçik qardaşımız bizimlə getməsə, o adamın gözünə görünə bilmərik”. 27Sənin qulun atam bizə dedi: “Bilirsiniz ki, arvadım mənə iki oğul doğdu. 28Bir oğlum yanımdan getdi və dedim ki, onu yəqin vəhşi bir heyvan parçalayıb; indiyə qədər o oğlumu görməmişəm. 29Bu oğlumu da yanımdan aparsanız və onun başına bir iş gəlsə, ağ saçlı başımı kədər içində ölülər diyarına endirəcəksiniz”. 30İndi sənin qulun atamın yanına qayıtdığım zaman uşaq bizimlə olmasa və ürəyi bütün sevgisi ilə uşağa bağlanan atamız 31onu görməsə, ölər. Onda biz qulların qulun atamızın ağ saçlı başını kədər içində ölülər diyarına endirərik. 32Mən qulun, atama uşaq üçün zamin durub dedim: “Əgər onu sənin yanına gətirməsəm, atamın önündə ömrüm boyu təqsirkar olacağam”. 33İndi xahiş edirəm, qoy uşağın əvəzinə mən ağama qul olmaq üçün qalım, uşaq isə qardaşlarımla birgə getsin. 34Çünki o mənimlə olmasa, necə atamın yanına gedə bilərəm? Onda mən atamın başına fəlakət gəldiyini görərəm».

Currently Selected:

YARADILIŞ 44: AZJ08

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy