YouVersion Logo
Search Icon

YARADILIŞ 43

43
Misirə ikinci səfər
1Kənan torpağında aclıq güclənmişdi. 2Qardaşların Misirdən gətirdiyi buğda yeyilib tükənəndə ataları onlara dedi: «Yenə gedib bizə bir az ərzaq alın».
3Yəhuda ona belə söylədi: «O adam bizə ciddi xəbərdarlıq edib dedi ki, əgər qardaşınız sizinlə gəlməsə, gözümə görünməyin. 4Əgər sən qardaşımızı bizimlə göndərsən, gedib ərzaq alarıq. 5Ancaq onu göndərməsən, getməyəcəyik, çünki o adam bizə dedi ki, qardaşınız sizinlə gəlməsə, gözümə görünməyin». 6İsrail dedi: «Niyə o adama daha bir qardaşınız olduğunu bildirib mənə pislik etdiniz?» 7Onlar dedilər: «O adam özümüz və ailəmiz barədə dəfələrlə bizə belə suallar verdi: “İndi atanız sağdırmı? Başqa qardaşlarınız varmı?” Biz də onun bu suallarına cavab verdik. Ağlımıza gələrdi ki, o bizə “qardaşınızı gətirin” deyəcək?» 8Sonra Yəhuda atası İsrailə dedi: «Uşağı mənimlə göndər ki, qalxıb gedək. Sən də, biz də, uşaqlarımız da ölməyib sağ qalarıq. 9Mən ona zamin dururam, onu məndən tələb edərsən. Əgər onu sənin yanına gətirib qarşında dayandırmasam, ömrüm boyu önündə təqsirkar olacağam. 10Çünki biz gecikməsəydik, indi ikinci dəfə gedib-qayıdardıq».
11Ataları İsrail onlara dedi: «Əgər belədirsə, bunu edin: torbalarınızda bu torpağın ən yaxşı məhsullarından o adama hədiyyə olaraq bir qədər balzam, bal, ədviyyat, ətriyyat, püstə və badam götürün. 12Özünüzlə iki qat artıq pul götürün. Çuvallarınızın içində geri qaytarılmış pulu öz əllərinizlə aparıb verin, bəlkə bir səhv olub. 13Qardaşlarınızı götürüb gedin və o adamın yanına qayıdın. 14Külli-İxtiyar Allah o adamda sizə qarşı mərhəmət oyandırsın, o da digər qardaşınızı və Binyamini sizə təhvil versin. Mən uşaqlarımdan məhrum olacağamsa, qoy olum».
15Qardaşlar özləri ilə hədiyyə və iki qat artıq pul götürdülər. Binyamini də götürüb qalxdılar və Misirə gəlib Yusifin önündə durdular. 16Yusif Binyamini onlarla bərabər görəndə öz ev nəzarətçisinə dedi: «Bu adamları evə apar və heyvan kəsib hazırla, çünki onlar mənimlə nahar edəcəklər». 17O adam Yusifin dediyinə əməl etdi: bu adamları Yusifin evinə apardı. 18Bu adamlar Yusifin evinə aparıldıqları üçün qorxub dedilər: «Keçən dəfə çuvallarımızda geri qaytarılmış pul üstündə bizi aparırlar. O istəyir ki, bizə qarşı bəhanə tapıb üstümüzə düşsün, bizi özünə qul etsin və eşşəklərimizi alsın». 19Onlar Yusifin ev nəzarətçisinə yaxınlaşdılar və evin astanasında ona belə söylədilər: 20«Ey ağamız, keçən dəfə biz ərzaq almaq üçün gəlmişdik. 21Ancaq gecələdiyimiz yerə çatdığımız zaman çuvallarımızı açıb gördük ki, hər birimizin pulu çəkisi əskik olmayaraq çuvalımızın içindədir. İndi onu öz əllərimizlə geri qaytarırıq. 22Ərzaq almaq üçün özümüzlə başqa pul da gətirmişik. O pulu isə çuvallarımıza kimin qoyduğunu bilmirik». 23Ev nəzarətçisi dedi: «Narahat olmayın, qorxmayın. Özünüzün və atanızın Allahı sizə çuvallarınızda xəzinə verdi. Pulunuz mənə gəlib çatdı». Sonra Şimeonu onların yanına gətirdi. 24O adam qardaşları Yusifin evinə gətirdi. Ayaqlarını yumaq üçün onlara su verdi və eşşəklərinə yem verdi. 25Qardaşlar Yusif nahara gələnə qədər hədiyyəni hazırladılar, çünki orada yemək yeyəcəklərini eşitdilər.
26Yusif evə gələndə onlar hədiyyəni otağa gətirib təqdim etdilər, onun önündə yerə qədər əyilib səcdə etdilər. 27Yusif onların kefini soruşub dedi: «O dediyiniz qoca atanız salamatdırmı? Hələ də yaşayırmı?» 28Onlar dedilər: «Sənin qulun atamız salamatdır, hələ də yaşayır». Onlar Yusifə əyilib səcdə etdilər.
29Yusif başını qaldıranda öz anasının oğlu olan qardaşı Binyamini görüb dedi: «Mənə söylədiyiniz kiçik qardaşınız budurmu?» Sonra Binyaminə dedi: «Ey oğlum, Allah sənə lütf etsin». 30Yusif tələsik oradan çıxdı, çünki qardaşını görəndə ürəyi sızıldadı, onu ağlamaq tutdu və otağa girib orada ağladı. 31Sonra üzünü yuyub çıxdı, özünə gəlib dedi: «Yemək gətirin». 32Yeməyi ona ayrıca, qardaşlarına ayrıca, onunla birgə yeyən Misirlilərə isə ayrıca qoydular, çünki Misirlilər İbranilərlə birgə yemək yeməzdilər; bu, Misirlilər üçün iyrənc bir şey idi. 33Qardaşlar böyük-kiçikliyinə görə Yusifin hüzurunda oturdular. Onlar bir-birlərinə baxıb çaşdılar. 34Yusifin önündəki yeməklərdən onlara pay ayrıldı. Ancaq Binyaminin payı onların hər birinin payından beş qat artıq idi. Onlar yeyib-içdilər və onunla bərabər xoş vaxt keçirdilər.

Currently Selected:

YARADILIŞ 43: AZJ08

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy