YouVersion Logo
Search Icon

YARADILIŞ 41

41
Fironun yuxuları
1İki il keçəndən sonra firon belə bir yuxu gördü: o, Nil çayının sahilində dayanmışdı. 2Çaydan yeddi bəslənmiş və kök inək çıxdı. Onlar qamışlıq içində otlamağa başladı. 3Onlardan sonra haldan düşmüş və arıq olan başqa yeddi inək Nil çayından çıxdı. Onlar çayın sahilindəki inəklərin yanında dayandılar. 4Haldan düşmüş və arıq inəklər bəslənmiş və kök olan yeddi inəyi yedilər. Onda firon yuxudan oyandı.
5Sonra yatıb ikinci dəfə bu yuxunu gördü: bir saplaqdan yeddi dolu və yaxşı sünbül çıxdı. 6Onlardan sonra isə cılız və şərq küləyindən yanmış yeddi sünbül bitdi. 7Cılız sünbüllər yeddi böyük və dolu sünbülü uddular. Onda firon oyandı; bu bir yuxu idi.
8Səhəri gün onun ürəyi narahat oldu. O xəbər göndərib Misirin bütün sehrbazlarını və müdriklərini çağırdı. Firon onlara öz yuxusunu danışdı, ancaq onların arasında fironun yuxusunu yozan bir adam tapılmadı.
9Baş saqi firona belə söylədi: «Mən bu gün öz günahımı yadıma saldım: 10bir dəfə firon qullarına qəzəbləndi və mənimlə baş çörəkçini zindana, mühafizəçilər rəisinin evinə saldı. 11Biz bir gecə yuxu gördük, hər birimiz müxtəlif mənalı yuxular gördük. 12Orada bizimlə birgə mühafizəçilər rəisinin qulu olan bir İbrani gənc var idi. Biz ona danışdıq, o da yuxularımızı yozdu, hər birimizə yuxusunun mənasını izah etdi. 13O bizə necə yozmuşdusa, elə də oldu: mən öz vəzifəmə qaytarıldım, baş çörəkçi isə asıldı».
14Firon xəbər göndərib Yusifi çağırdı. Onu tez zindandan çıxartdılar. O, başını qırxıb paltarlarını dəyişdi və fironun hüzuruna gəldi. 15Firon Yusifə dedi: «Bir yuxu görmüşəm, ancaq onu yozan yoxdur. Mən sənin barəndə eşitmişəm ki, yuxuları eşidib yoza bilirsən». 16Yusif firona cavab verdi: «Bu məndən deyil, Allah fironun xeyrinə cavab verəcək». 17Firon Yusifə dedi: «Yuxumda gördüm ki, Nil çayının sahilində durmuşam. 18Çaydan kök və bəslənmiş yeddi inək çıxdı. Onlar qamışlıq içində otlamağa başladı. 19Onlardan sonra halsız, çox cılız və arıq olan başqa yeddi inək çıxdı. Bütün Misir ölkəsində bunlar kimi cılız inək görməmişəm. 20Arıq və cılız inəklər əvvəlki yeddi kök inəyi yedilər. 21Kök inəklər onların qarınlarına girdiklərinə baxmayaraq, bu bilinmirdi, onlar əvvəlki kimi arıq idi. Onda oyandım. 22Yenə yuxumda gördüm ki, bir saplaqdan yeddi dolu və böyük sünbül çıxdı. 23Onlardan sonra solğun, cılız və şərq küləyindən yanmış yeddi sünbül bitdi. 24Cılız sünbüllər yeddi dolu sünbülü uddular; bunları sehrbazlara danışdım, ancaq mənə cavab verən tapılmadı».
25Yusif firona dedi: «Fironun yuxularının mənası eynidir. Allah etmək istədiyi işi firona bildirdi. 26Yeddi bəslənmiş inək yeddi ildir, yeddi dolu sünbül də yeddi ildir; yuxuların mənası eynidir. 27Onlardan sonra çıxan yeddi arıq, cılız inək və şərq küləyindən yanmış boş yeddi sünbül də yeddi ildir; yeddi il aclıq olacaq. 28Firona demək istədiyim sözlər bunlardır. Allah etmək istədiyi işi firona göstərdi. 29Bütün Misir torpağında yeddi il böyük bolluq olacaq. 30Bundan sonra yeddi il aclıq olacaq. Misir ölkəsində olan bütün bolluq yaddan çıxacaq və aclıq ölkəni əldən salacaq. 31Ölkədəki bolluq ondan sonra gələn aclıq üzündən görünməyəcək, çünki aclıq çox ağır olacaq. 32Firon yuxunu iki dəfə görüb, çünki Allah belə qərara gəlmişdir və tezliklə bu işi görəcək. 33Buna görə də firon ağıllı və müdrik bir adam axtarsın, onu Misir ölkəsinə başçı təyin etsin. 34Firon ölkədə məmurlar qoymağı əmr etsin və yeddi il bolluq zamanı Misir torpağının məhsullarının beşdə birini yığsın. 35Qoy onlar uğurlu olan bu illərin bütün məhsullarını toplasınlar. Taxılı isə azuqə olaraq şəhərlərdə fironun nəzarəti altında yığıb saxlasınlar. 36Bu azuqə Misir torpağına gələn yeddi il aclıq dövrü üçün ehtiyat olacaq, ta ki ölkə əhalisi aclıqdan qırılmasın».
Yusifin Misirdə başçı olması
37Bu sözlər fironun və onun əyanlarının xoşuna gəldi. 38Firon əyanlarına dedi: «Bu adam kimi Allahın Ruhuna malik olan bir kəs tapa biləcəyikmi?» 39Sonra firon Yusifə dedi: «İndi ki Allah sənə bütün bu şeyləri bildirdi, deməli, sənin kimi ağıllı və müdrik adam yoxdur. 40#Həv. 7:9-10 Sən mənim saray adamlarıma başçılıq edəcəksən və bütün xalqım sənin əmrinlə idarə olunacaq. Mən yalnız taxtda səndən böyük olacağam». 41Firon yenə Yusifə dedi: «Səni bütün Misir ölkəsinə başçı təyin edirəm». 42Firon öz möhürünü barmağından çıxarıb Yusifin barmağına taxdı, ona incə kətan paltar geyindirdi və boynuna qızıl zəncir asdı. 43Firon əmr etdi ki, onu özünün ikinci arabasına mindirsinlər və qarşısında «Diz çökün!» deyib bağırsınlar. Beləcə o, Yusifi bütün Misir ölkəsinə başçı qoydu. 44Firon Yusifə dedi: «Mən fironam. Bütün Misir ölkəsində heç kəs sənsiz əlini yaxud ayağını tərpətməyəcək». 45Firon Yusifin adını Safnat-Paneah qoydu və On şəhərinin kahini Poti-Feranın qızı Asnatı ona arvad olmaq üçün verdi. Yusif bütün Misir ölkəsini gəzməyə çıxdı.
46Misir padşahı fironun hüzurunda olarkən Yusif otuz yaşında idi. Yusif fironun hüzurundan çıxıb bütün Misir ölkəsini dolaşdı. 47Yeddi bolluq ilində torpaq qucaq-qucaq məhsul verdi. 48Yusif yeddi ildə Misir torpağında yığılmış bütün məhsulu topladı. O, məhsulu şəhərlərə qoydu. Hər şəhərin ətrafında olan tarlada yetişən məhsulu o şəhərdə saxladı. 49Yusif dəniz qumu qədər çox taxıl yığdı və daha onu hesablamadı, çünki sayı-hesabı yox idi.
50Aclıq illərindən qabaq Yusifin iki oğlu oldu; onları Yusifə On kahini Poti-Feranın qızı Asnat doğdu. 51Yusif ilk oğlunun adını Menaşşe #41:51 Menaşşe – ibrani dilində unutduran. qoydu, çünki demişdi: «Allah bütün zəhmətimi və atamın evindəkilərin hamısını mənə unutdurdu». 52İkinci oğlunun adını Efrayim #41:52 Efrayim – ibrani dilində bəhərli. qoydu, çünki demişdi: «Allah əziyyət çəkdiyim torpaqda məni bəhərli etdi».
53Misir torpağında yeddi il bolluq qurtardı. 54#Həv. 7:11 Yusifin söylədiyi kimi yeddi il aclıq başladı. Bütün ölkələrdə aclıq oldu, lakin Misir torpağının hər yerində ərzaq var idi. 55#Yəh. 2:5 Bütün Misir əhalisi aclıq çəkəndə çörək üçün firona fəryad etdi. Firon bütün Misirlilərə dedi: «Yusifin yanına gedin, onun dediyini edin». 56Bütün yer üzündə aclıq oldu. Yusif məhsul olan bütün anbarları açıb Misirlilərə taxıl satırdı. Misir torpağında aclıq gücləndi. 57Bütün ölkələrin adamları taxıl almaq üçün Misirə, Yusifin yanına gəlirdilər, çünki bütün yer üzündə şiddətli aclıq idi.

Currently Selected:

YARADILIŞ 41: AZJ08

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy