YouVersion Logo
Search Icon

YARADILIŞ 39

39
Yusif və Potifarın arvadı
1Yusif Misirə aparıldı. Fironun bir əyanı – mühafizəçilər rəisi Misirli Potifar onu oraya gətirmiş İsmaillilərdən satın aldı. 2#Həv. 7:9-10 Rəbb Yusiflə idi və o, işlərində uğur qazanırdı. Yusif Misirli ağasının evində qalırdı. 3Ağası gördü ki, Rəbb onunladır və etdiyi hər işdə ona uğur verir.
4Yusif ağasının gözündə lütf tapdı və onun şəxsi xidmətçisi oldu. Ağası Yusifi evinə nəzarətçi təyin etdi və özünə məxsus olan hər şeyi onun ixtiyarına verdi. 5Evinin və özünə məxsus olan hər şeyin ixtiyarını ona verən vaxtdan bəri Rəbb Yusifə görə Misirlinin evinə bərəkət verdi, evində, tarlasında və özünə məxsus olan hər şeydə Rəbbin bərəkəti göründü. 6Ağası özünə məxsus olan hər şeyi Yusifin ixtiyarına vermişdi, yediyi yeməkdən başqa, evində olan heç nədən xəbəri yox idi. Yusif gözəl və yaraşıqlı idi.
7Bir müddət sonra ağasının arvadının Yusifə gözü düşüb dedi: «Gəl mənimlə yat». 8Ancaq Yusif bundan imtina edib ağasının arvadına dedi: «Mən burada olarkən ağam evində nə olduğunu bilmir və özünə məxsus olan hər şeyi mənim ixtiyarıma verib. 9Bu evdə isə hətta o məndən böyük deyil və səndən başqa heç bir şeyi məndən əsirgəmədi, çünki sən onun arvadısan. Bəs mən necə bu böyük pisliyi edib Allahın önündə günaha bata bilərəm?» 10Qadın hər gün bunu Yusifə deyirdi, Yusif isə onunla yatmağa, hətta birgə olmağa razı olmurdu.
11Bir gün Yusif öz işini görmək üçün evə girdi. İçəridə ev adamlarından heç kəs yox idi. 12Qadın «Mənimlə yat!» deyib onun paltarından tutdu. Yusif paltarını onun əlində qoyub qaçdı və bayıra çıxdı. 13Qadın onun paltarını əlində qoyub qaçdığını görəndə 14ev adamlarını çağırıb dedi: «Baxın, ağanız bu İbranini bizi təhqir etmək üçün yanımıza gətirib. O mənimlə yatmaq üçün yanıma gəldi, mən isə ucadan qışqırdım. 15O, səsimi ucaldıb qışqırdığımı görəndə paltarını yanımda qoyub qaçdı və bayıra çıxdı». 16Yusifin ağası evə gələnə qədər qadın onun paltarını özündə saxladı. 17Sonra ərinə də bu sözləri söyləyib dedi: «Bizə gətirdiyin bu İbrani qul məni təhqir etmək üçün yanıma gəldi. 18Səsimi ucaldıb qışqırdığım zaman paltarını yanımda qoyub bayıra qaçdı».
19Yusifin ağası arvadının «sənin qulun mənimlə belə rəftar etdi» sözlərini eşidəndə bərk qəzəbləndi. 20Ağası Yusifi götürüb padşahın məhbuslarının saxlanıldığı zindana təhvil verdi. Yusif zindanda qaldı. 21Ancaq Rəbb Yusiflə idi və ona xeyirxahlıq göstərdi. O, zindanın baş nəzarətçisinin gözündə lütf tapdı. 22Zindanın baş nəzarətçisi zindanda olan bütün məhbusları Yusifin ixtiyarına verdi. Orada görülən hər işə o başçılıq edirdi. 23Zindanın baş nəzarətçisi Yusifin ixtiyarında olan heç nəyə nəzarət etmirdi, çünki Rəbb Yusiflə idi və etdiyi hər işdə ona uğur verirdi.

Currently Selected:

YARADILIŞ 39: AZJ08

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy