YouVersion Logo
Search Icon

YARADILIŞ 34

34
Dinanın rüsvayçılığı
1Leanın Yaquba doğduğu qızı Dina o ölkənin qızlarını görməyə çıxdı. 2O ölkənin ağası Xivli Xamorun oğlu Şekem onu gördü. Qızı aparıb onunla yatdı və onu zorladı. 3Onun ürəyi Yaqubun qızı Dinaya bağlandı. Şekem qızı sevdi və onunla xoş rəftar etdi. 4Şekem atası Xamora dedi: «Bu qızı mənə arvad al».
5Yaqub qızı Dinanın zorlandığını eşitdi, ancaq oğulları çöldə sürülərinin yanında olduqları üçün onlar gələnə qədər susdu. 6Şekemin atası Xamor Yaqubla danışmaq üçün onun yanına getdi. 7Yaqubun oğulları bunu eşidib çöllükdən gəldilər. Onlar məyus oldular və bərk qəzəbləndilər. Çünki Şekem Yaqubun qızı ilə yatmaqla İsraili rüsvay etmişdi, belə iş etmək olmazdı.
8Xamor onlara belə dedi: «Oğlum Şekemin ürəyi qızınıza bağlanıb. Xahiş edirəm, qızı ona arvad olmaq üçün verəsiniz. 9Bizimlə qohum olun: öz qızlarınızı bizə arvad verin, bizim qızlarımızı özünüzə alın. 10Bizimlə qalın, ölkə də sizin ixtiyarınızdadır: burada yaşayın, ticarət edin və mülk sahibi olun». 11Şekem qızın atasına və qardaşlarına dedi: «Sizin gözünüzdə lütf tapmaq üçün məndən nə istəsəniz, verərəm. 12Məndən çoxlu başlıq və hədiyyələr istəyin, söylədiyiniz hər şeyi verərəm. Ancaq qızı arvad olmaq üçün mənə verin».
13Yaqubun oğulları Şekemə və onun atası Xamora hiylə ilə cavab verdilər, çünki Şekem bacıları Dinanı zorlamışdı. 14Onlara dedilər: «Biz bunu edə bilmərik, bacımızı sünnətsiz bir adama ərə verə bilmərik. Bu bizim üçün rüsvayçılıq olar. 15Ancaq bir şərtlə sizinlə razı oluruq: bütün kişiləriniz sünnət edilib bizim kimi olsalar, 16öz qızlarımızı sizə ərə verərik, sizin qızlarınızı özümüzə alarıq və sizinlə yaşayıb bir xalq olarıq. 17Əgər bizə qulaq asmasanız və sünnət olunmasanız, qızımızı götürüb gedəcəyik».
18Onların sözləri Xamorun və oğlu Şekemin xoşuna gəldi. 19Cavan oğlan bu işi dərhal etdi, çünki Yaqubun qızı çox xoşuna gəlmişdi. Şekem atasının evində ən hörmətli adam idi. 20Xamor və oğlu Şekem öz şəhərlərinin darvazasına gəldilər və şəhərin adamlarına belə dedilər: 21«Bu adamlar bizimlə səmimidir. Qoy bu ölkədə yaşasınlar və ticarət etsinlər. Bu ölkə onlar üçün kifayət qədər genişdir. Onların qızlarını özümüzə arvad alarıq, öz qızlarımızı da onlara ərə verərik. 22Bu adamlar yalnız bir şərtlə bizimlə yaşamağa və bir xalq olmağa razı olurlar ki, bizim də bütün kişilərimiz onlar kimi sünnət olunsun. 23Onların sürüləri, mülkləri və heyvanları bizim olmayacaqmı? Gəlin onlarla razılaşaq və onlar bizimlə yaşasın». 24Şəhərin bütün sakinləri Xamora və oğlu Şekemə qulaq asdılar: şəhər əhalisindən olan bütün kişilər sünnət olundu.
25Üçüncü gün onlar hələ də ağrı çəkən zaman Dinanın qardaşları – Yaqubun iki oğlu Şimeon və Levi qılınclarını götürüb maneəsiz şəhərə girdilər və bütün kişiləri qılıncdan keçirtdilər. 26Xamoru və oğlu Şekemi də öldürdülər. Dinanı Şekemin evindən götürüb getdilər. 27Yaqubun oğulları ölənlərin yanına gəldilər və şəhəri qarət etdilər, çünki bacılarını zorlamışdılar. 28Onların qoyun-keçilərini, mal-qaralarını, eşşəklərini, şəhərdə və çöldə olan hər şeyi götürdülər. 29Bütün mallarını, uşaqlarını və qadınlarını əsir apardılar, onların evlərində olan hər şeyi qarət etdilər. 30Yaqub Şimeona və Leviyə dedi: «Ölkədə yaşayan Kənanlılarda və Perizlilərdə mənə qarşı nifrət oyadıb məni bəlaya saldınız. Biz sayca azıq, əgər birləşib bizi qırsalar, özüm də ailəmlə birgə həlak olacağam». 31Amma onlar dedilər: «Bəs bizim bacımızla bir fahişə kimi rəftar etmək olarmı?»

Currently Selected:

YARADILIŞ 34: AZJ08

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy