YouVersion Logo
Search Icon

YARADILIŞ 32

32
Yaqubun Esavla görüşə hazırlaşması
1Yaqub yoluna davam etdi. Allahın mələkləri ona rast gəldi. 2Yaqub onları görəndə dedi: «Bu, Allahın ordugahıdır». O yerin adını Maxanayim #32:2 Maxanayim – ibrani dilində iki ordugah. qoydu.
3Yaqub özündən qabaq Edom çölünə, Seir torpağına, qardaşı Esavın yanına qasidlər göndərdi. 4Onlara bu əmri verdi: «Ağam Esava söyləyin ki, qulun Yaqub belə deyir: “Mən Lavanın yanında qalıb indiyə qədər yaşadım”. 5Mal-qaram, eşşəklərim, qoyun-keçim, qullarım və qarabaşlarım oldu. Mən ağama xəbər vermək üçün yanına qasidlər göndərdim ki, sənin gözündə lütf tapım».
6Qasidlər Yaqubun yanına qayıdıb dedilər: «Qardaşın Esavın yanına getdik. Özü də səni qarşılamaq üçün gəlir və yanında dörd yüz nəfər var». 7Yaqub çox qorxub həyəcanlandı. Yanında olan adamları, qoyun-keçini, mal-qaranı və dəvələri iki dəstəyə ayırıb dedi: 8«Əgər Esav bir dəstəyə hücum edib onları qırsa, arxada qalan dəstə qaça bilsin».
9Sonra Yaqub dedi: «Ey babam İbrahimin Allahı, atam İshaqın Allahı Rəbb, Sən mənə demişdin: “Öz ölkənə və qohumlarının yanına qayıt. Mən sənə yaxşılıq edəcəyəm”. 10Quluna göstərdiyin bütün xeyirxahlığa və sədaqətə layiq deyiləm; bu İordan çayını təkcə dəyənəyimlə keçdim, indi isə iki dəstə köçüm var. 11Yalvarıram, məni qardaşım Esavın əlindən qurtar. Çünki onun gəlib məni, uşaqlarımla analarını öldürməsindən qorxuram. 12#Yar. 22:17 Sən dedin: “Hökmən sənə yaxşılıq edəcəyəm, nəslini saysız-hesabsız dəniz qumu qədər çoxaldacağam”».
13Yaqub o gecəni orada keçirtdi. Özündə olan hər şeydən qardaşı Esava hədiyyə olaraq 14iki yüz keçi, iyirmi təkə, iki yüz qoyun, iyirmi qoç, 15balaları ilə birgə otuz sağmal dəvə, qırx inək, on buğa, iyirmi dişi və on erkək eşşək götürdü. 16Sürüləri ayrı-ayrı qullarına tapşırdı və onlara dedi: «Mənim qabağımda gedin və bir sürü ilə o biri sürü arasında məsafə saxlayın». 17Yaqub birinci qula əmr edib dedi: «Qardaşım Esav sənə rast gəlib “Kimin adamısan, hara gedirsən, qabağındakı bu heyvanlar kimindir?” deyə soruşanda 18ona söylə: “Bunlar qulun Yaqubundur, bu da ağam Esava göndərilmiş hədiyyələrdir. Özü də bizim dalımızca gəlir”». 19Sonra o, ikinci, üçüncü quluna və sürülərin dalınca gedən hər kəsə əmr edib dedi: 20«Esava rast gələndə ona eyni sözləri söyləyin: “Qulun Yaqub da dalımızca gəlir”». Çünki o öz-özünə deyirdi: «Əvvəlcə qabağımda göndərdiyim hədiyyələrlə onu rəhmə gətirərəm, sonra onunla görüşərəm. Bəlkə onda məni qəbul edər». 21Hədiyyələr Yaqubun qabağında getdi, o isə gecəni düşərgədə yatdı.
Yaqubun Allahla rastlaşması
22Yaqub gecə qalxıb iki arvadını, iki cariyəsini və on bir uşağını götürərək Yabboq çayının keçidindən keçdi. 23Onları götürüb çayı keçirtdi və özünə məxsus şeyləri də keçirtdi. 24Sonra Yaqub tək qaldı. Dan yeri sökülənə qədər bir Şəxs onunla güləşdi. 25Yaquba üstün gələ bilmədiyini görüb onun budunun oynağına zərbə vurdu. O Şəxslə güləşərkən Yaqubun budunda oynağı zədələndi. 26O Şəxs dedi: «Burax, gedim, çünki səhər açılır». Yaqub dedi: «Mənə xeyir-dua verməsən, Səni buraxmaram». 27O Şəxs soruşdu: «Adın nədir?» O dedi: «Yaqub». 28#Yar. 35:10 #Huşə 12:4 O Şəxs dedi: «Artıq sənə Yaqub deyil, İsrail #32:28 İsrail – ibrani dilində Allahla güləşən. deyiləcək, çünki sən Allahla və insanlarla güləşib üstün gəlmisən». 29Yaqub soruşdu: «Xahiş edirəm, adını söylə». O dedi: «Adımı niyə soruşursan?» O Şəxs orada Yaquba xeyir-dua verdi. 30Yaqub o yerin adını Peniel #32:30 Peniel – ibrani dilində Allahın üzü. qoydu, çünki demişdi: «Allahı üz-üzə gördüm və salamat qaldım». 31Yaqub Penieldən keçəndə günəş doğdu. O, bir budundan axsayırdı. 32Ona görə bu günə qədər də İsraillilər bud oynağının üzərindəki vətərləri yeməzlər. Çünki güləşən Şəxs Yaqubun bud oynağının vətərinə toxunmuşdu.

Currently Selected:

YARADILIŞ 32: AZJ08

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy