YouVersion Logo
Search Icon

YARADILIŞ 20

20
İbrahim və Avimelek
1İbrahim Mamredən Negev torpağına köçdü və Qadeşlə Şur arasında məskən saldı. Sonra bir müddət Gerarda qaldı. 2#Yar. 12:13; 26:7 İbrahim orada arvadı Sara barəsində «bu mənim bacımdır» söylədi. Gerar padşahı Avimelek adam göndərib Saranı apardı. 3Ancaq gecə yuxuda Allah Avimelekə görünüb dedi: «Apardığın qadına görə sən öləcəksən, çünki o, bir nəfərin arvadıdır». 4Avimelek qadına toxunmamışdı. O dedi: «Ya Rəbb, məgər sən günahsız xalqı öldürə bilərsən? 5O adam mənə “bu mənim bacımdır” demədimi? Qadın özü də “o mənim qardaşımdır” dedi. Mən bunu sadədillik və təmiz niyyətlə etdim». 6Allah yuxuda dedi: «Mən də bilirəm ki, sən bunu sadədilliklə etdin. Buna görə də səni ona toxunmağa qoymayaraq Mənə qarşı günah etməkdən saxladım. 7İndi isə qadını ərinə qaytar, çünki o, peyğəmbərdir. Sənin üçün dua edər, salamat qalarsan. Ancaq qadını qaytarmasan, özün və bütün nəslin hökmən öləcək».
8Avimelek səhər tezdən qalxıb bütün adamlarını çağırdı və bu sözləri onların qarşısında söylədi. Adamlar çox qorxdular. 9Avimelek İbrahimi çağırıb ona dedi: «Bizə nə etdin? Sənə qarşı nə günah etdim ki, özümün və padşahlığımın üzərinə bu böyük təqsiri gətirdin? Mənə qarşı nalayiq işlər etdin». 10Avimelek yenə İbrahimə dedi: «Bu işi görəndə nə düşünürdün?» 11İbrahim dedi: «Düşünürdüm ki, burada Allah qorxusu yoxdur və arvadıma görə məni öldürəcəklər. 12O, doğrudan da, mənim bacımdır: atamız birdir, ancaq anamız ayrıdır. Mən onu arvad aldım. 13Allah məni ata evimdən qürbətə apardığı vaxt ona dedim: “Mənə bu cür yaxşılıq elə: gedəcəyimiz hər yerdə mənim barəmdə ‹bu mənim qardaşımdır› söylə”».
14Avimelek İbrahimə qoyun-keçi, mal-qara, qullar və qarabaşlar verdi. Arvadı Saranı da ona qaytardı. 15Avimelek dedi: «Mənim ölkəm sənin önündədir: istədiyin yerdə yaşaya bilərsən». 16Sonra Saraya dedi: «Bax qardaşına min parça gümüş verdim. Qoy bu gümüş sənin yanındakılara günahsızlığını göstərən bir sübut olsun və hər kəs sənin günahsız olduğunu bilsin». 17İbrahim Allaha dua etdi, Allah da Avimelekə, onun arvadına və cariyələrinə şəfa verdi: onların uşaqları oldu. 18Çünki Rəbb İbrahimin arvadı Saradan ötrü Avimelekin evində olan bütün qadınların bətnini bağlamışdı.

Currently Selected:

YARADILIŞ 20: AZJ08

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy