YouVersion Logo
Search Icon

YARADILIŞ 15

15
Allahın İbramla əhdi
1Bir müddət sonra İbrama görüntüdə Rəbbin bu sözü nazil oldu: «Ey İbram, qorxma. Sənin qalxanın Mənəm. Mükafatın çox böyük olacaq». 2İbram dedi: «Ey Xudavənd Rəbb, mənə nə verəcəksən? Mənim övladım yoxdur, evimin sahibi bu Dəməşqli Eliezer olacaq». 3İbram sözünə davam etdi: «Sən mənə övlad vermədiyin üçün evimin nökəri mənim varisim olacaq». 4Ona Rəbbin bu sözü nazil oldu: «O sənin varisin olmayacaq, öz belindən gələn övladın sənin varisin olacaq». 5#Rom. 4:18; İbr. 11:12 Rəbb onu bayıra çıxarıb dedi: «Göyə bax, oradakı ulduzları saya bilərsənsə, say». Yenə dedi: «Nəslin o qədər olacaq». 6#Rom. 4:3,9,22; Qal. 3:6; Yaq. 2:23 İbram Rəbbə iman etdi və Rəbb bunu ona salehlik saydı.
7Rəbb İbrama dedi: «Bu torpağı sənə irs olaraq vermək üçün səni Xaldeylilərin Ur şəhərindən çıxaran Mən Rəbbəm». 8İbram soruşdu: «Ya Xudavənd Rəbb, onu irs olaraq alacağımı necə bilim?» 9Rəbb ona dedi: «Mənim üçün bir üçyaşlı düyə, bir üçyaşlı keçi, bir üçyaşlı qoç, həmçinin bir qumru və bir göyərçin balası gətir». 10İbram bunların hamısını götürüb kəsdi və iki hissəyə ayırdı, hər hissəni o birinin qarşısına qoydu, ancaq quşları kəsmədi. 11Yırtıcı quşlar cəmdəklərin üzərinə uçub gəldilər, ancaq İbram onları qovdu.
12Günəş batan vaxt İbrama dərin yuxu gəldi. Birdən onun üzərinə dəhşət və qatı qaranlıq çökdü. 13#Çıx. 1:1-14; Həv. 7:6 Rəbb İbrama dedi: «Yəqin bil ki, nəslin yad ölkədə qərib olacaq, orada olan millətə köləlik edəcək və onlara dörd yüz il zülm ediləcək. 14#Çıx. 12:40-41; Həv. 7:7 Ancaq onların köləlik edəcəkləri xalqı Özüm cəzalandıracağam. Bundan sonra onlar böyük əmlakla oradan çıxacaqlar. 15Sən isə atalarının yanına gedəcəksən, uzun ömür sürəndən sonra öləcəksən. 16Sənin dördüncü nəslin buraya qayıdacaq, çünki Emorluların günah kasası hələ dolmayıb».
17Günəş batıb qaranlıq düşəndə tüstü çıxan bir təndir və alovlanan məşəl görünərək parçalanmış heyvanların arasından keçdi. 18#Həv. 7:5 O gün Rəbb İbramla əhd bağlayıb dedi: «Misir çayından böyük Fərat çayına qədər uzanan bu torpaqları – 19Qenlilərin, Qenizlilərin, Qadmonluların, 20Xetlilərin, Perizlilərin, Rafalıların, 21Emorluların, Kənanlıların, Qirqaşlıların və Yevusluların torpağını Mən sənin nəslinə verirəm».

Currently Selected:

YARADILIŞ 15: AZJ08

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy